Prezidentin köməkçisi: İrandan keçməklə Naxçıvana yeni kommunikasiya bağlantılarının inşasına başlanılıb
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında quru və dəmir yolunun bərpası istiqamətində artıq İranla ilkin təmaslara başlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, bu istiqamətdə səlahiyyətli nazirlər tərəfindən işlər aparılmaqdadır: “Yəni, praktiki iş başlayıb. Zəngilanda, Ağbənddə Araz çayı üzərində tikiləcək körpülərlə İran ərazisinə, oradan da Naxçıvana keçmək üçün quru və dəmir yolu xətlərinin tikintisi davam etdirilir. Təəssüf ki, son 3 ildə Ermənistan bu xəttin tikilməsi, irəli aparılması üçün ciddi addım atmadı. Biz də Ermənistanın nə vaxt qərar qəbul edəcəyini gözləyə bilmərik. Gördüyünüz kimi, Orta Dəhlizdə yeni imkanlar yaranır və bu fürsətləri də doğru, düzgün qiymətləndirərək əlaqələri qurmalıyıq”.