Ermənilərdən betər yalançı olan Avropa təmsilçisi

A- A A+

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar çoxlarını, xüsusilə də Qərb dairələrini narahat edir. Əlbəttə ki, Azərbaycanın öz suveren ərazisində erməni separatizminə son qoyması və Ermənistan silahlı qüvvələrinin bölmələrini darmadağın etməsi 30 ildən çox davam edən haqsızlığı sonlandırdı. Amma gəl gör ki, hələ də uzun illər erməni işğalına göz yuman bəzi Qərb dairələri Azərbaycanın haqlı mübarizəsini həzm edə bilmirlər. Çünki, Cənubi Qafqaza nüfuz etmək üçün bölgədə yeni reallıqlar yaradan güclü Azərbaycanla hesablaşmaq lazımdır. Bu da separatizm dəstəkçisi olan erməni lobbisinin pulları ilə dolananları qane etmir.

Hər birinin adı sadalananda irqçilik, işğalçılıq, müstəmləkəçilik, günahsız insanların, xüsusilə də uşaqların qətli yada düşən bəzi Qərb ölkələrinin-ABŞ, Fransa və Avropa İttifaqına üzv olan digər ölkələrin “məzlum” obrazına bürünən erməni terrorçularını dəstəkləməsi heç də təəccüb doğurmur. Hətta Avropa İttifaqı kimi bir qurumun rəsmisinin açıqlamaları yalançı və fırıldaqçılıqda erməniləri də geridə qoyur. Necə deyərlər Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrellin yalan dolu açıqlamaları şeytanı belə təəccübləndirib. Çünki, erməni sevdalısı yox, erməni lobbisinin pullarının aşiqi olan bu şəxs iddia edib ki, Azərbaycanın antiterror tədbirləri nəticəsində 150 min erməni sakin “evlərini” tərk edib. Aİ təmsilçisinin söylədiyi rəqəmin Ermənistanın hər vəchlə şişirdiyi rəqəmi dəfələrlə üstələməsi hətta erməni rəsmilərini belə “şok”a salıb.

Mövzu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, “Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrellin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir. Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep Borrellin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır”.

Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağıran Azərbaycan Xarici İşlər Nazirliyindən o da xatırladılıb ki, Jozep Borrellin bu kimi yanlış bəyanatları Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqları müdafiə olunmamış yüzminlərlə Azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.

Siyasi şərhçilər də mövzuya münasibət bildirərkən qeyd edirlər ki, həmişə Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların yalanları “Qarabağın erməni əhalisi”nin sayı məsələsində üzə çıxır. Gülünc doğuran məqam odur ki, Ermənistanın Paşinyan hakimiyyəti bu rəqəmin 100 min olduğunu iddia etdiyi bir vaxtda, ermənidən betər yalançı olan Jozep Borrel bu sayın üzərinə 50 min əlavə edib. Xatırlatmaq yerinə düşər ki, hətta separatçıların belə şişirdilmiş rəqəmi 120 min olub.

Prezident İlham Əliyevin dediyi kimi “Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”.

Bir sözlə, Avropanın bəzi nüfuzlu dairələrində, eləcə də siyasi elitasında o qədər də ciddi adam kimi qəbul edilməyən, hətta irqçi çıxışlarına görə Avropa İttifaqına üzv olan ölkə liderləri tərəfindən irqçi, təhrikçi və kobud adlandırılan Jozep Borrellin anti-Azərbaycan çıxışı da ağ yalandan başqa bir şey deyil. Çox güman ki, hər şişirdilmiş rəqəmə görə erməni lobbisindən əməlli-başlı qazanc əldə edən Aİ təmsilçisi bu dəfə özünü çox pis yandırdı desək yanılmarıq.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: