Serbiyanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirləri geniş işıqlandırıb.
NUHÇIXAN xəbər verir ki, “RTV”, “Tanjug”, “NSPM”, “Novosti”, “Politika”, “Pravda”, “Vesti”, “PRVA”, “b92”, “Intermagazin” kimi informasiya agentlikləri və xəbər portallarında dərc olunan yazılarda Prezident İlham Əliyevin çıxışında Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmədiyini vurğuladığı bildirilir.
Azərbaycan Prezidentinin çıxışına istinadla qeyd olunur ki, bu, çox praqmatik yanaşmadır. Çünki Azərbaycanı heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir.
Prezident İlham Əliyevin bu fikirlərindən sitat gətirilib: “Yəni, Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq”.
Yazılarda, həmçinin Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu, ölkəmizin İttifaqın doqquz üzvü ilə strateji tərəfdaşlığa dair bəyanatlar qəbul etdiyi və xarici ticarətin təqribən 50 faizini Aİ ilə apardığı bildirilir.