Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 7-də Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 3 noyabr tarixli 210-VI FR nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) işçilərinin say həddi cəmi 91 ştat vahidi olmaqla, Agentlik Aparatının işçilərinin say həddi 47, regional bölmələrinin işçilərinin say həddi 44 ştat vahidi müəyyən edilsin.
2. Agentliyin bu Fərmanın 1-ci hissəsinə əsasən, müəyyən edilmiş ştat vahidlərinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilsin:
2.1. Agentlik Aparatının 25 ştat vahidi və regional bölmələrin 22 ştat vahidi – 2023-cü il noyabrın 7-dən;
2.2. Agentlik Aparatının 22 ştat vahidi və regional bölmələrin 22 ştat vahidi – 2025-ci il yanvarın 1-dən.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin.
4. Agentlik bu Fərmandan irəli gələn məsələləri həll etsin".