“İRS-Nasledie” jurnalı “Ermənistan” geosiyasi layihəsini davam etdirir - FOTOLAR

A- A A+

Moskvada “İRS-Nasledie” jurnalının növbəti buraxılışı işıq üzü görüb.

Jurnalın baş redaktoru Musa Mərcanlı özünün ənənəvi sütununda qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Ermənistanın işğal etdiyi doğma torpaqlarını azad edib, öz ərazi bütövlüyünü bərpa edib, 35 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub. Bununla belə, təəssüf ki, iki ölkə arasında gərginliyin azalması barədə danışmaq hələ tezdir, sülh sazişinin imzalanması yubadılır, çünki beynəlxalq arenada bəzi qüvvələr bunda maraqlı deyil. Müvafiq olaraq, həmin mövzu yenə də aparıcı yerdədir və IRS jurnalının səhifələrində də ona geniş yer ayrılır.

NUHÇIXAN xəbər verir ki, oxucular jurnalın bu nömrəsində Cənubi Qafqazda geosiyasi layihənin yaradılması, başlıca olaraq Azərbaycan torpaqlarında ermənilərin geniş kütləsinin kompakt şəkildə məskunlaşması barədə materialın davamı ilə tanış ola biləcəklər. Yaxın vaxtlarda həmin layihənin 200 ili tamam olacaq. Bu dəfə söhbət Rusiya imperiyasının ilk dövrdə, yəni XIX əsrin ortalarına qədər Cənubi Qafqazda xristian əhalisinin yerləşdirilməsi və görkəmli rus dramaturqu, diplomat, Rusiyanın İrandakı elçisi Aleksandr Qriboyedovun bu prosesdə rolundan gedəcək. Xüsusən, məqalədə Xaçatur Abovyan və arxiyepiskop Nerses kimi tanınmış erməni xadimləri ilə sıx ünsiyyətin təsiri altında olan “Ağıldan bəla” əsərinin müəllifinin ermənilər haqqında fikirlərinin dəyişməsi məqamları vurğulanır.

Jurnalın təzə nömrəsində görkəmli rəssam və qrafika ustası, çox gözəl portret əsərlərinin müəllifi, XIX əsrin 70-ci illərində İrəvan Sərdarının sarayının bərpa işlərində iştirak etmiş Mirzə Qədim İrəvaniyə həsr olunmuş məqalə təqdim olunur. Bununla yanaşı, müasir dünya memarlığının ən gözəl nümunələrindən biri olan Bakıdakı Heydər Əliyev Mərkəzi, görkəmli Azərbaycan şairi Məmməd Rahim, “Keşikçidağ” milli qoruğu barədə yazılar da oxucular üçün maraqlı olacaq.

Jurnalın yeni nömrəsində, həmçinin rusiyalı oxuculara Azərbaycan haqqında biliklərini genişləndirməyə imkan verəcək başqa materiallar da təqdim edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: