NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi bu il Naxçıvan istiqamətində 11 min hektar ərazinin erməni işğalından azad edilməsi ilə bağlı fikirlərinə münasibət bildirən Ermənistanın baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan məğlubiyyətlərini etiraf edib. Paşinyan jurnalistlərə deyib: “Son vaxtlar Ermənistanın keçmiş rəhbərliyi bununla bağlı mənim ünvanıma iradlar bildirirlər. Amma Naxçıvan istiqamətindəki döyüş mövqelərinin Azərbaycan tərəfdən irəli çəkilməsinin 95 faizi fevraldan may ayına qədər olub. Bu isə mənim baş nazir olduğum vaxtdan əvvəldir”. Beləliklə, Naxçıvan istiqamətində uğursuzluğuna bu cür don geyindirməklə işğalçı ölkənin dövlət rəsmisi özünə təsəlli verib və bu fiaskoda məsuliyyəti üzərindən atmağa çalışıb. Məntiqlə, Paşinyan Azərbaycan Ordusunun uğurlarının onun hakimiyyətdə olduğu dövrdə də davam etdiyini təsdiqləyib. Çünki Ermənistan hökumətinin “müvəqqəti rəhbəri” “95 faiz” ifadəsini işlətməklə 100 faizlik məğlubiyyətin bir hissəsini də öz üzərinə götürüb.