Kərki kəndinin işğalından 34 il keçir - FOTOLAR
Naxçıvanda verilən hansı qərar dünyada ciddi rezonans doğurmuşdu?!
NUHÇIXAN xatırladır ki, 20 Yanvar faciəsi ərəfəsində ermənilər Naxçıvan Muxtar Respublikasını işğal etməyə cəhd göstəriblər. Belə ki, 1989-cu il dekabrın 14-dən etibarən ermənilər Kərki, Sədərək, Günnüt və Havuş kəndlərini güclü atəşə tutublar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensivləşib.
Yanvarın 18-də güclü müqavimətə baxmayaraq Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.
Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən axşamadək şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş sursatlarının bitməsi səbəbindən onlar yaşayış yerini tərk etməyə məcbur olublar.
Kərkinin işğalı və Sədərəyə intensiv hücuma cavab olaraq, 19 yanvar 1990-cı ildə SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtlərini pozması səbəblərindən Naxçıvan MSSR Ali Soveti fövqəladə sessiya keçirərək, Naxçıvanın SSRİ-nin tərkibindən ayrılması barədə tarixi qərar qəbul edilib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub və bu qərar bütün dünyada ciddi rezonans doğurub. Ali Məclisin həmin qərarı Naxçıvan televiziyası ilə 7 dildə bütün dünyaya çatdırılıb.
İşğaldan sonra Ermənistan hökuməti Kərki kəndinə Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıblar.
Kərki kəndinin ermənilər tərəfindən işğal edilməsinin əsas səbəbi həmin yurd yerinin dörd bir tərəfdən Ermənistanla əhatə olunması idi.
44 günlük Vətən müharibəsində Ermənistan məğlub olduqdan sonra imzalanan 10 noyabr üçtərəfli bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi, işğal altında saxlanılan Naxçıvanın Kərki kəndinin və Qazax rayonunun 7 kəndinin geri verilməsi kimi məsələlər öz əksinin tapıb. 44 günlük müharibədən sonra Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılmalıdır. Lakin Ermənistan hələ sənədin bu tələbinə də əməl etməyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb.
Dövlətimizin başçısı bu gün işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib.
“Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Anar Tağıyev