Üstündən 34 il keçməsinə baxmayaraq, xalqımız azadlığımızın ilk qaranquşları olan 20 Yanvar şəhidlərini ehtiramla yad edir, müstəqilliyimizin ilk carçılarını fəxrlə anır. Bütün yarım qalan həyat hekayələrinə, arzulara baxmayaraq şəhidlərimizin ruhu şaddır deyə düşünürəm. Çünki onların müdhiş cəsarəti, gücü və milli birliyindən yaranmış istiqlaliyyət eşqi sanki gələcək nəsillərin üzərinə üfürülmüşdü və bütün proseslərin mərkəzində onların sələfləri – yeni bir tarix yazan qəhrəman şəhidlərimiz, eyni zamanda xalqımız və onun güclü lideri dayanır. İndi Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmiş, müstəqilliyini yeni sütunlarla bərkitmiş, güclənərək qüdrətini birəbeş artırmış dövlət kimi ən yüksək inkişaf dövrünü yaşayır. Şuşa, Xankəndi, Ağdam, Xocalı, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və ən nəhayət adını çəkəndə ürəyimizi dağlayan Xocalı kimi neçə yurd-yuvamız vüsalına qovuşub. Kütləvi qırğın görmüş, ağır faciə yaşamış və dağıdılmış bütün ərazilərimiz dirçəldilir, əvvəlki gözəlliyinə qovuşmaqla bərabər həm də müasir libasa bürünür. Buna görə də biz azərbaycanlılar haqlı olaraq ədalət təntənəsində, zəfər ucalığında bir mövqedəyik və buradan göy üzünə baxarkən daha əvvəlkitək mələklərin ahını eşitmirik, şəhid ruhunun nikbinliyini duyuruq. Daha qara buludlara məna vermirik, yurdumuza gümrahlıq verən günəşin şəfəqləri ilə isinib, firavan, təhlükəsiz bir mühitdə yaşayır, güclü dövlət və güclü ordu ilə mühafizə olunuruq.
Bütün bunlarla yanaşı, biz heç vaxt tariximizi, tarixin əsas qəhrəmanlarını unutmuruq və unutmayacağıq da. Bizim xalq olaraq formalaşmağımızda, bugünkü və gələcək taleyimizin kökündə tariximiz yaşayır. Yanvar hadisələrinin dəyəri, faciə qurbanlarının xatirəsi və mirası qəlbimizdəki, zehnimizdəki yeri əbədiyyən bizimlədir. 1990-cı ilin 20 yanvarında baş verənlər azərbaycanlıların milli mənliyinə, milli azadlıq ruhuna təcavüz cəhdi idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Biz 20 Yanvar tarixini milli matəm, hüzn günü kimi yox, milli iftixar hissi ilə yad edirik. SSRİ rəhbərliyinin azərbaycanlılara qarşı törətdiyi bu qanlı cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalqımız daha sıx birləşdi və mübarizliyi daha da artdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Bu qəhrəmanlıq salnaməsi gənclərimizin milli vətənpərvərlik ruhunda formalaşmasında böyük əhəmiyyət kəsb edir. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Məhz Vətən övladlarının qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktı törədildiyini ilk dəfə Ulu öndər Heydər Əliyev cəsarətlə bütün dünyaya bəyan etdi. Siyasi fəaliyyəti baxımından riskli olmasına baxmayaraq, Ulu öndər vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən irəli gələn cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Hadisələrin ertəsi günü həyatını təhlükəyə ataraq Moskvada Daimi Nümayəndəliyə gedən dahi azərbaycanlı bu terrora, hərbi təcavüzə qarşı öz etiraz səsini ucaltdı. Baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Ulu öndər yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandırdı. Hadisənin ertəsi günü ümummilli liderimizin imperiya mərkəzi olan Moskvada mətbuat konfransı keçirməsi, sovet rejimini ifşa etməsi və həqiqəti dünya ictimaiyyətinə çatdırması da bu yolda böyük bir cəsarət nümunəsi idi.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər Heydər Əliyevin gördüyü ilk işlərdən biri də məhz faciənin hüquqi qiymətləndirilməsi və günahkarların cəzalandırılması istiqamətində olub. Ümummilli lider Heydər Əliyevin faciənin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı 5 yanvar 1994-cü il tarixli Fərman, Milli Məclisdəki tövsiyə və tələb xarakterli çıxışları faciəyə tam siyasi-hüquqi qiymət verilməsi yolundakı əzmkar mübarizəsini göstərirdi. Müvafiq Fərman Milli Məclisin müzakirəsinə təqdim edilmişdi və nəhayət Ulu öndər Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
Ölkəmizin hər bir guşəsində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da hər il 20 Yanvar hadisələrinin ildönümü dərin ehtiramla qeyd edilir, igid övladlarımızın fədakarlığı bir daha xatırlanır, onların əziz xatirəsi yad olunur. Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində Vətən şəhidlərinə xatirə kompleksləri ucaldılıb, küçələrə, təhsil ocaqlarına onların adları verilib. Bu gün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı naxçıvanlıların and yerinə, müqəddəs məkanına çevrilib. Xatirə Muzeyində faciə qurbanlarının məlumat toplusu və şəxsi əşyaları saxlanılır ki, bu da yeniyetmə və gənclərin milli vətənpərvərlik hisslərinin formalaşması, xalqın milli azadlıq mübarizəsinin öyrənilməsi baxımından önəmli rol oynayır. Doğma diyarımızda müharibə veteranlarının, şəhid ailələrinin və əlillərinin problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifələrdən biridir. Muxtar respublikamızda şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı da 20 Yanvar hadisələrinin və zaman-zaman xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin gənc nəslə çatdırılması, onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir, milli qəhrəmanlarımız və şəhidlərimiz gənclər arasında geniş təbliğ olunur.
20 Yanvar, eləcə də Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələri tam dövlət qayğısı ilə əhatə olunub. Eyni zamanda 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətin diqqətindədir. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Ulu öndərimizin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, onların sosial reabilitasiyası ilə bağlı hüquqi baza yaradılıbdır. Bu işlər bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün müasir tariximizin ən unudulmaz və şərəfli dövrünü yaşayırıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 200 ildə ilk dəfə itirilən torpaqlarını geri qaytarıb, suverenliyini tam bərpa edib. 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən bir müddət sonra – ötən ilin sentyabrında cəmi bir gün ərzində uğurla icra olunan uğurlu lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmən separatizminə tamamilə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Müharibə cinayətkarlarının ədalət qarşısına çıxarılmasını və mühakiməsini məhz Azərbaycan dövləti həyata keçirdi, Xankəndidə böyük hərbi parad təşkil olundu. Bütün bunlar ölkəmizin azad, müstəqil və güclü dövlət olduğunun, xalqımızın birliyinin, qüdrətinin dünyaya açıq formada bəyanıdır.
1990-cı il 20 Yanvar qanlı faciəsini, həmin gün şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar. Çünki bir millət kimi sınmadığımızın, əyilmədiyimizin, məğlub olmadığımızın, ümummilli mənafelər uğrunda birləşə bildiyimizin, azadlığımızı və müstəqilliyimizi qanımızla və canımızla əldə etdiyimizin sübutu olan 20 Yanvar qan yaddaşımıza yazılmış faciəli tariximiz, eyni zamanda qəhrəmanlıq salnaməmizdir. Bu tarixi yazanların və bu tarixin hüquqi, siyasi və tarixi qiymətini verənlərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir.
Biz Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqıq. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Öz canları, qanları bahasına döyüşərək böyük qələbələrə nail olan əsgər və zabitlərimiz həm də 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş oğul və qızlarımızın qanını yerdə qoymadı. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.
Mirməcid Seyidov
Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri