“Ömrün Naxçıvan aşırımları: 20 yanvar” sənədli televiziya filmi - VİDEO
Bu il 34-cü ildönümünü yad etdiyimiz 20 Yanvar xalqımızın mübarizlik əzminin, vətən sevgisinin, birliyinin təcəlli etdiyi tarixi gecədir.
NUHÇIXAN xəbər verir ki, Sahil Tahirlinin “100 illiyə 10 film” layihəsi çərçivəsində 5-ci film məhz həmin günə həsr olunmuş “Ömrün Naxçıvan aşırımları: 20 yanvar” filmidir.
Filmdə Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə tarixi 17 noyabr 1990-cı il sessiyasında yanvar hadisələri ilə bağlı müzakirələrin başlanması, 21 noyabr tarixli qərar, sonrakı tarixdə bu qərarla bağlı Azərbaycan Ali Sovetinə təqdim olunan müraciətlər və bu müraciətlərin nəticəsiz qalması, ümummilli liderin 20 yanvar hadisələri ilə bağlı bu qətiyyətli mövqeyinin mövcud hakimiyyət tərəfindən cavabsız qalması, dahi öndərin kəskin etirazları təqdim olunub.
Filmin məqsədi bu tarixi hadisələrə Naxçıvandan verilən ilk siyasi-hüquqi qiyməti, ümummilli liderin bu istiqamətdəki fəaliyyətini Naxçıvan televiziyasının arxiv kadrları əsasında geniş auditoriyaya təqdim etməkdir.
Xronometrajı 39 dəqiqə olan “Ömrün Naxçıvan aşırımları: 20 Yanvar” filmində çəkilişlər Bakı və Naxçıvan şəhərlərində aparılıb.
Filmdə 20 yanvar hadisələrindən bir gün əvvəl Sədərəyə erməni hücumlarının başlanması, günahsız insanların öldürülməsi ilə başlanan hadisələr də şahidlərin dili ilə təqdim olunub. Eyni zamanda Naxçıvan televiziyasının arxivində qorunub saxlanılan tarixi kadrlar da nümayiş edilib.
Filmin layihə rəhbəri və ssenari müəllifi Sahil Tahirli, məsləhətçi Anar Tahirov, prodüser Əlibala Məhərrəmzadə, quruluşçu rejissor Fərhad Zamanbəyov, redaktor İlkin Rzayev, rejissor Faiq Abbasoğlu, operatorlar İlqar Məhərrəmov, Uğur Bağırov, səs rejissoru Elçin Məmmədov, qrafika Müseyib Quliyev, musiqi tərtibatçısı Yaqut Süleymanova, işıqçı Əli Qurbanovdur.