NUHÇIXAN xəbər verir ki, bu il iyunun 1-2-də Bakıda regionun ən böyük oyun festivalı - “GameSummit Summer 2024” baş tutacaq. Tədbirin əsas tərəfdaşlarından biri də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. Festival dünyanın aparıcı oyun studiyaları, sahənin ekspertləri, oyun və elektron idman həvəskarlarını bir araya gətirəcək.
Həmçinin “GameSummit Summer 2024”də Azərbaycanın oyun tərtibatçıları arasında ikinci “Indie Game Award” müsabiqəsi keçiriləcək. İştirakçılar oyunun yaratdığı müsbət təəssürat, unikallıq və vizual effektlərin keyfiyyəti nominasiyaları üzrə mübarizə aparacaqlar. Oyunların qiymətləndirilməsində, əsasən, oyunun ümumi əyləncə dəyəri, innovativliyi, kreativliyi, bədii və estetik tərtibat meyarları nəzərə alınacaq.
Qeyd edək ki, qiymətləndirmə münsiflər heyətində yer alan Azərbaycan Oyun Tərtibatçıları Assosiasiyasının nümayəndələri tərəfindən həyata keçiriləcək.
İRİA hər zaman olduğu kimi, ölkəmizdə oyun studiyalarının inkişafına da dəstək göstərir. Festivalda İRİA-nın dəstəklədiyi oyun studiyaları öz layihələrini “Powered by IDDA” adlı “Indie game” zonasında təqdim edəcək. Belə ki, oyun zonasında təqribən 10 – 15 studiya öz layihələrini nümayiş etdirəcək. Bunların arasında elektron idman və “indie games” janrında olan oyunlar üstünlük təşkil edir.
Bununla yanaşı, “GameSummit Summer 2024” tədbiri Azərbaycanın oyun studiyaları ilə dünyanın aparıcı ekspertləri ilə şəbəkələşmə baxımından da müstəsna əhəmiyyətə daşıyır. Tədbir Azərbaycanın və digər ölkələrin oyun studiyaları arasında gələcəkdə əməkdaşlıq imkanlarının genişləndirilməsində yeni perspektivlər yaradacaq.