Süni intellektin və qeyri-səlis məntiqin banisi: Lütfi Zadə

A- A A+

Bu gün qeyri-səlis məntiq nəzəriyyəsinin banisi akademik Lütfi Zadənin anım günüdür. O, 1921-ci il fevralın 4-də Novxanı kəndində anadan olub. Atası azərbaycanlı olsa da, anası yəhudi əsilli həkim olub. Atası Rəhim Ələsgərzadə Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb, Şərqşünaslıq fakültəsində təhsil alaraq İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb.

1933-cü ildə sovet vətəndaşlığını qəbul etməyən ailə Tehrana köçür. Üçüncü sinfə qədər rus dilində təhsil alan Lütfi Zadə Tehranda ingilis dilində təhsilini davam etdirməyə məcbur olur. Lütfi Zadə 1931-ci ildə İrana sürgün edilərkən kitabxanasında olan 2000 ədəd rus dilində kitabı da özü ilə birgə aparır. Tehranda təhsil aldığı “Alborz” məktəbində tanış olduğu Yəhudi qızı Fey ilə ailə quraraq Amerikaya köçür.

1959-cu ilə qədər ABŞ-də Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya universitetlərində magistr, doktorluq elmi dərəcələri alaraq, professor kimi fəaliyyət göstərib. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə Elektrik mühəndisliyi və kompüter elmləri kafedrasının rəhbəri, həmçinin Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

“İnformasiya nəqli məsələləri” dərgisində çap olunan məqaləsini ruscaya tərcümə etsə də, əfsuslar olsun ki, Lütfinin bu novatorluğu rusları deyil, yaponları qəflət yuxusundan oyatdı. O sübut etdi ki, dünya ağ və qara rənglərdən ibarət deyil. O sübut etdi ki, rəqəmlər dəqiq, bəsit deyillər. Ortada çox sayda naməlum ölçülər, rəqəmlər, hələ öz işarəsini, adını qazanmamış anlayışlar var.

Alimin ixtirasını ilk dəfə 1973-cü ildə bir buxar makinasında professor İbrahim Madani sınaqdan uğurla çıxarır. 1980-ci ildən sonra Lütfi Zadənin kəşfi Yaponiyada əsl möcüzəyə səbəb olur. İndi Yaponiyada mindən çox, Çində isə 10 mindən çox “nisbi məntiq” mütəxəssisi var. İndi yeni robotlar istehsala buraxanlar bütün hesablamalarını məhz “qeyri-səlis məntiq” əsasında hazırlayırlar.

5 fundamental elmi nəzəriyyə təklif edən Lütfü Zadənin adına ABŞ-nin Berkli şəhərində İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu (ZİFİT İnstitutu) yaradılıb. Alim Qeyri-səlis məntiq, idarəetmə və Computing sahəsində 54 beynəlxalq jurnalın elmi redaktoru və ya redaksiya heyətinin üzvü olub. Dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad olub. Bir cox xarici ölkə akademiyalarının üzvü, çoxlu sayda mötəbər cəmiyyət və fondların mükafatçısı, onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru Lütfi Zadə 2001-ci il mayın 16-da Azərbaycan MEA-nın fəxri (xarici) üzvü seçilib.

“Allah mənə nə qədər ömür veribsə, o qədər yaşayacağam” , – deyən alim Tehranda tələbə olanda namazından qalmazmış. Alim tanınmış rejissor Cənnət Səlimovanın xalası oğludur. Uşaqlıqları bir yerdə keçsə də, sonralar heç görüşməyiblər.

Yaxşı rəssamlıq qabiliyyəti olan alim Ronald Reyqan və Corc Buşun portretlərini də çəkib. O həm də yaxşı rəqqas olub. 95 yaşında Berkli universitetinin tədbirində elə rəqs edir ki, salondakı insanların hamısı heyran qalır. O, xanımı ilə öldükdən sonra kremasiya olunmağa söz versə də, sonradan fikrini dəyişərək müsəlman qaydası ilə dəfn olunmasını vəsiyyət edir. Xanımından sonra cəmi bir il yaşayan alimin vəsiyyətinə əsasən ölümündən sonra Bakıda Fəxri xiyabanda dəfn olunur.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: