Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına qarşı 612 kiberhücum indikatoru (IOC) müəyyən edib.
Dövlət Xidmətindən NUÇIXAN-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azdır.
Qeyd olunan kibertəhdidlərin 211-i daxili araşdırma, 401-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində aşkarlanaraq bloklanıb.
Təkcə avqust ayında isə 39 kiberhücum qeydə alınıb ki, bu da 1 il əvvələ nisbətən 25 faiz azdır.
Məlumata görə, 2024-cü ildə dövlət qurumlarına ümumilikdə 1070 kiberhücum edilib. Onların 550-si daxili araşdırmalar, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində müəyyən olunaraq bloklanıb.