Amazon şirkəti Yer orbitinə 3000-dən çox peyk göndərəcək

A- A A+

NUHÇIXAN "Hightech.plus" saytına istinadən xəbər verir ki, Jeff Bezos-un şirkəti Yer kürəsinin aşağı orbitində yerləşəcək peyklər vasitəsilə insanlara qlobal internet xidmətinin təqdim olunması yarışına qatılır. Bunun üçün Yer kürəsinin aşağı orbitinə 3000-dən çox peyk göndərmək lazımdır. Gün ərzində sürətli internet gələcəyin əsas tapşırıqlarından biridir və bu bazarın dəyəri 130 milyard dollar təşkil edir. Buna görə də heç təəccüblü deyil ki, həmin bazarda pay sahibi olmaq üçün bir çox şirkətlər rəqabətə qoşulublar. Kütləvi informasiya vasitələri nizamlayıcı orqanların sənədləri əsasında bu sahəyə qoşulmaq niyyətində olan yeni oyunçu barəsində məlumat aşkar ediblər. Söhbət, Jeff Bezos-un Amazon şirkətindən gedir.

Belə ki, Jeff Bezos Yer kürəsinin aşağı orbitində 3000-dən çox peyk yerləşdirməyi istəyir. Kuiper adlı layihə ilə bağlı sənədlər Geekwire saytı tərəfindən ortaya çıxarılıb. Sözügedən sayt bu layihə üzrə Vaşinqtonun Kuiper Systems LLC şirkəti tərəfindən Beynəlxalq Telekommuniksiya Birliyinə (ITU) göndərilmə məqsədilə ABŞ-ın kommunikasiya üzrə federal komissiyasına yönləndirilmiş sənədləri aşkar edib və incələyib. Beləliklə Jeff Bezos insanları qlobal internet ilə təmin etmək üçün Yer kürəsinin aşağı orbitinə 3236 ədəd peyk göndərməyi planlaşdırır. Həmin peyklər yer kürəsinin səthində 590 km-dən 630 km-ə kimi hündürlükdə yerləşəcəklər. Aşağı orbitin əsas üstünlüyü siqnal ötürülməsi zamanı gecikmələrin olmamasındadır.

Sözügedən peyk şəbəkəsi 56 dərəcə cənub enindən 56 dərəcə şimal eninə kimi olan ərazini əhatə edəcək. Bu ərazidə isə Yer kürəsi əhalisinin 95%-i yaşayır. Amazon şirkətinin təmsilçisi Jeff Bezos-un bu layihə ilə olan əlaqəsini təsdiqləyib. "Kuiper layihəsi Yer kürəsinin aşağı orbitində yerləşəcək peyklərdən ibarət şəbəkədir hansı ki, hal hazırda yüksəksürətli internetə çıxışı olmayanları yüksəksürətli genişzolaqlı internet bağlantısı ilə təmin edəcəık. Bu, milyonlarla insanın xidmətini özündə birləşdirən uzunmüddətli layihədir" - deyə Amazon şirkətinin təmsilçisi bildirib. BMT-nin hesablamalarına əsasən Yer kürəsinin təqribən 4 milyard sakini stabil internet bağlantısına sahib deyil. Yüksəksürətli internet bağlantısının vacibliyi isə günü-gündən artır.

Amazon şirkəti hələki bu layihəni detallı şəkildə jurnalisltər ilə müzakirə etməyə hazır deyil. Layihənin nə zaman reallaşdırılacağı, onun qiyməti və təqribi olaraq insanlara nə zaman xidmət göstərəcəyi barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, sözügedən peykləri Yer kürəsinin aşağı orbitinə Jeff Bezos-un digər şirkəti olan Blue Origin-in raketləri çatdıracaqlar. Bu sahədə Amazon-u ciddi rəqiblər gözləyir. Onlardan biri də Elon Musk-ın SpaceX şirkətidir. Belə ki, SpaceX-in Starlink adlı layihəsinə əsasən şirkət Yer kürəsinin orbitində 12.000 ədəd peyk və Yer kürəsinin səthində internet siqnallarının qəbulu üçün milyonlarla baza stansiyası quraşdıracaq. Bu sahədə daha bir ciddi oyunçulardan biri də Avropanın OneWeb şirkətidir. Bu şirkətin ilk peykləri hələ fevral ayının sonunda orbitə göndərilımişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: