Ekzoplanetlər axtaran aparatın illik fəaliyyəti haqqında hesabat dərc olunub

210

ABŞ Kosmik Agentliyi (NASA) "Transiting Exoplanet Survey Satellite" (TESS) kosmik teleskopunun fəaliyyətinin ilk ilinə həsr edilən hesabat dərc edib.

NUHÇIXAN "4PDA" resursuna istinadən yazır ki, hesabata görə, "TESS" kosmik teleskopu ilk fəaliyyət ilində Cənub səmasının tədqiqini tam başa çatdırıb. O, bu müddət ərzində Günəş sistemindən kənarda 21 təsdiq edilmiş ekzoplanet və gələcəkdə öyrənilmək üçün daha 850 potensial namizəd ekzoplanet aşkarlayıb.

"İlk fəaliyyət ilində "TESS" aparatının tempi və məhsuldarlığı missiyanın ən optimist gözləntilərini xeyli üstələyib. Müxtəlif ekzoplanetlərin axtarışına əlavə olaraq "TESS" astrofiziki quyular, o cümlədən minlərlə müvəqqəti ulduz obyekti aşkarlayıb", – Massaçusets Texnoloji Universitetinin "TESS" üzrə baş tədqiqatçısı Corc Riker bildirib.

Hazırda teleskop diqqəti bəşəriyyət tarixində planetlərin axtarışı üzrə ən böyük ekspedisiyanı başa vurmaq üçün Şimal səmasının öyrənilməsinə yönəldib. 2020-ci ildə analiz başa çatdıqdan sonra "TESS" səma ulduzlarının ¾ hissəsini xəritəyə daxil edəcək.

Qeyd edək ki, ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu 2018-ci ilin aprelində "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılıb.

"TESS" teleskopu yanacağın bitməsinə görə istismar müddəti sona çatan "Kepler" teleskopunu qismən əvəz edəcək. "TESS" teleskopu "Kepler" kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Yeni missiyanın əsas fərqi ondan ibarətdir ki, alimlər 300 işıq ili məsafəsində yerləşən obyektləri tədqiq edəcəklər. "Kepler" isə ulduzları 3 min işıq ili məsafəsində öyrənib.

"TESS" 600-1000 nanometr spektral diapazonda işləyən 16,8 meqapiksel təsvir ölçülü matrisaya malik 4 teleskopla təchiz edilib. Teleskopların hər birinin əhatə dairəsi 24x24 dərəcə təşkil edir və onlar elə yönəldiliblər ki, birlikdə uzadılmış zolaq şəklində vahid görünüş dairəsi yaradırlar. Teleskop 27 gündən bir müşahidə zonasını dəyişəcək və ikiillik əsas missiya çərçivəsində göy qübbəsinin 85 faizini əhatə edən xəritə yaradacaq.

2018-ci ilin mayında "TESS" aparatı ilk – sınaq çəkilişi edərək şəkilləri Yerə göndərməsinə baxmayaraq teleskop iyulun 25-də rəsmən fəaliyyətə başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: