Mobil sənaye və “3GPP” konsorsiumu avtonom “5G” spesifikasiyasını rəsmən təsdiq ediblər.
NUHÇIXAN “Mediasat” resursuna istinadən bildirir ki, standartın təsdiq edilməsi “5G” texnologiyasının bu il ABŞ-da, 2019-cu ildə isə digər ölkələrdə kommersiya istifadəsinə verilməsinə imkan yaradacaq.
Məlumata görə, ötən il “3GPP” konsorsiumu tərəfindən ilk avtonom olmayan “5G” spesifikasiyası təsdiq olunub. Bu, qurğu və şəbəkə avadanlığı istehsalçılarına mövcud “4G/LTE” şəbəkələri ilə işləməyə imkan verən ilk “5G” məhsullarının hazırlanmasına başlamağa imkan verib. Spesifikasiya üzərində işin başa çatdırılması ilə bağlı yayılan informasiya ondan xəbər verir ki, tərtibatçılar gələcəkdə “4G” şəbəkəsinə əsaslanmayan avtonom “5G” və əvvəlki - avtonom olmayan “5G” standartından istifadə zamanı seçim imkanı əldə edəcəklər.
Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək “5G” insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri “ağıllı” idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin “5G” standartı media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.