“International Data Corporation” (IDC) tədqiqat şirkəti informasiya-kommunikasiya texnologiyaları (İKT) sənayesi üzrə proqnoz təqdim edib. Ekspertlər hesab edir ki, müvafiq proqram və aparat həllərinin, eləcə də xidmətlərin satış həcmi valyuta məzənnələrinin dəyişməsi nəzərə alınmadan 4 trilyon dollara çataraq 3,7 faiz artacaq. 2017-ci ildə 4,2 faizlik artım qeydə alınıb. NUHÇIXAN xəbər verir ki, 2019-cu ildə bazarda müsbət dinamikanın əsasən məhsullar üçün rüsumların və faiz dərəcələrinin artması, eləcə də Çin iqtisadiyyatının zəifləməsi və kapital xərcləri dövriyyəsinin azaldılması ilə bağlı iqtisadi problemlərə görə 3 faizədək azalacağı gözlənilir. Nəticədə İT bazarının artımı dünya ümumi daxili məhsulundan (ÜDM) zəif olacaq. Gözlənilir ki, 2022-ci ilədək qlobal miqyasda illik İKT xərcləri proqram təminatı seqmenti və “üçüncü platforma” və rəqəmli transformasiyaya aid servislər sayəsində 4,5 trilyon dolları ötəcək. Bununla yanaşı, avadanlıqlara investisiyalar “bulud” servisləri tədarükçülərinin server və məlumat saxlama serverlərinə xərcləri sayəsində stimullaşdırılacaq. Bundan əlavə, zəif artım fərdi kompüter, planşet, kənar server və məlumat saxlama xidmətləri və ənənəvi autsorsinq xidmətləri bazarında proqnozlaşdırılır. Bildirilir ki, 2017-ci ildə iqtisadiyyatda müsbət dinamika və kompüterlər üçün təxirə salınmış tələbatın həyata keçirilməsi nəticəsində İT qurğularının satışında canlanma müşahidə edilib. Smartfonlar bazarı qiymətlərin bahalaşması səbəbindən pul ifadəsində gözləniləndən daha yüksək nəticələr nümayiş etdirib. Planşetlər bazarında çətinliklər qalsa da, yaxın illərdə bir sıra ölkələrdə cüzi artım müşahidə ediləcək, çünki bahalı və korporativ modellərə tələbat getdikcə artır. Bildirilir ki, server və məlumat saxlama üçün xərclərin irimiqyaslı məlumat emalı mərkəzlərinin sahiblərinin layihələrindən asılılığı artmaqdadır. Bundan başqa, bazara şirkətlərdə İT avadanlığının yenilənmə dövriyyəsi kömək edir. 2017-ci ildə İT infrastrukturu, o cümlədən şəbəkə aparaturası üçün qlobal xərclər 11 faiz yüksəlib. Proqnozlara görə, yaxın 5 ildə artım davam edəcək və avadanlıq satışının yenidən mümkün zəifləməsinə baxmayaraq illik 8-12 faizə bərabər olacaq.