Dövlət Vergi Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeni xidmət qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətidir.
Bu ilin oktyabr ayında bu sahədə görülən işlər başa çatdırılıb, “Elektron imza” üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”na əlavə və dəyişikliklər edilib, o cümlədən mobil operatordan əldə edilmiş “Asan İmza” mobil xidmətinə qoşulma formasının vergi ödəyicilərinə xidmət strukturlarına təqdim edilməsi tələbi aradan qaldırılıb.
İstifadəçilər sertifikatın qüvvədə olma müddəti ərzində yeni sertifikatın alınması və “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üçün vergi ödəyicilərinə xidmət strukturlarına elektron qaydada müraciət edə bilərlər. Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi" tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” rəsmi internet səhifəyə yerləşdirilib.