“Nokia” Avropada “6G” şəbəkələrinin hazırlanmasına rəhbərlik edəcək

A- A A+

Avropada altıncı nəsil mobil rabitə şəbəkəsi (“6G”) üçün infrastrukturun hazırlanmasına başlanılıb. Bu təşəbbüsə rəhbərlik edəcək şirkət qismində “Nokia” seçilib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, Finlandiyanın informasiya texnologiyaları nəhəngi Avropa İttifaqının iştirakı ilə maliyyələşdirilən “Hexa-X” layihəsi çərçivəsində şirkət və universitetlər qrupuna rəhbərlik edəcək. Qrupa, həmçinin İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı, “Orange” və “Telefonica” mobil rabitə operatorları, eləcə də bir sıra texnoloji şirkətlər, o cümlədən “Intel” və “Siemens” daxildir. Onlara Almaniyanın Drezden Texniki Universiteti, Finlandiyanın Oulu Universiteti və İtaliyanın Turin Politexnik Universiteti kimi ali təhsil ocaqlarının da qoşulacağı gözlənilir.

“Nokia” şirkətinin nümayəndəsi Devaki Çandramulinin sözlərinə görə, “Hexa-X” layihəsinin əsas məqsədi “6G” şəbəkələrinin təsviri, yol xəritəsi və inkişaf qrafikinin hazırlanması olacaq. Şirkət texnologiyanın 2030-cu ildə kommersiya istifadəsinə veriləcəyini proqnozlaşdırır.

Qeyd edək ki, “Next G Alliance” və “O-RAN Alliance” kimi oxşar təşəbbüslər bir müddət əvvəl ABŞ-da istifadəyə verilib. Bundan başqa, Çin hakimiyyəti tərəfindən ölkədə “6G” texnologiyalarının hazırlanması ilə məşğul olan qrup maliyyələşdirilir.

“6G” şəbəkələri üçün rəsmi tələblər hələ ki müəyyənləşdirilməyib. Beynəlxalq Telekommunikasiya İttifaqının gələcək rabitə standartı üzərində aktiv işə 2021-ci ildə başlayacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: