Alimlər kvant qravitasiyasını öyrənmək üçün XX əsrin əvvəlində aparılmış eksperimenti təkrarlamağı təklif ediblər

A- A A+

Fiziklərin fikrincə, atomların davranışında kvant mexanikasının təzahürünü 1922-ci ildə müəyyən etmiş Ştern-Herlax təcrübəsinin təkmilləşdirilmiş versiyasından cazibə qüvvəsinin kvant səviyyəsində necə işlədiyini öyrənmək üçün istifadə etmək olar. Təcrübənin nəticələri “Science Advances” jurnalında dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar tək atomlar üçün Ştern-Herlax təcrübəsini necə aparmağı izah ediblər. Həmçinin makroskopik obyektlərlə eksperiment aparılması üçün bu cür qurğudan necə istifadə etməyi göstəriblər. Belə təcrübələr kvant mexanikası və qravitasiyanın kəsişməsində olan proseslərin öyrənilməsinə və nəzəriyyələrin yoxlanılmasına yol açacaq.

Beer-Şeva şəhərindəki (İsrail) Ben-Qurion Universitetinin professoru Ron Folmanın rəhbərliyi ilə fiziklər Ştern-Herlax qurğusunun yeni tətbiq sahəsini tapıblar. Bu, kvant mexanikasının vacib problemlərindən birini həll etməyə – onun müxtəlif qravitasiya qarşılıqlı təsirləri zamanı necə təzahür etdiyini müəyyənləşdirməyə imkan yaradacaq.

Məsələ ondadır ki, qravitasiyanın və kvant obyektlərinin bir-biri ilə necə əlaqədə olduğu alimlər üçün qaranlıqdır. Fiziklər çoxdan bəri güman edirlər ki, bu cür məlumatları Ştern-Herlax eksperimentinin analoqu çərçivəsində tək atomları özünü dalğa kimi aparmağa yönəltməklə və onların qarşılıqlı təsirini müşahidə etməklə əldə etmək olar. Bu ideya sadə görünsə də, onu reallaşdırmaq mümkün deyildi. Belə ki, bunun üçün maqnit qütblərinin əlçatmaz dərəcədə yüksək dəqiqliklə idarə edilməsi tələb olunurdu.

İsrailli tədqiqatçılar və onların Avropadan olan həmkarları izah ediblər ki, “atom çipləri”nin – tənha atomları tutub saxlamağı və hərəkətini idarə etməyi bacaran xüsusi qurğuların köməyilə bu məhdudiyyət və problemləri aradan qaldırmaq olar.

Professor Folman və onun həmkarlarının ilkin təcrübələri göstərir ki, onların yaratdığı “atom çipləri” atomların hərəkətinin idarə edilməsində lazımi dəqiqliyə nail olub – bu, fiziklərə atomların uçuş trayektoriyasında qravitasiyanın kvant təzahürü ilə bağlı olan ən kiçik fərqi qeydə almağa imkan verir. Belə ki, alimlər “atom çipləri”nin köməyilə rubidiumun bir neçə tək atomunu tutub saxlayaraq onları müxtəlif hərəkət trayektoriyasına yönəltməyə, sonra isə onların bir araya gəlməsinə və bir-birini itələməsinə nail olublar.

Tədqiqatçılar yaxın vaxtlarda həm tək atomlardan, həm də makroskopik obyektlərdən istifadə edərək Ştern-Herlax təcrübəsini təkrarlamağı planlaşdırırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: