POCO F3 GT gamer smartfonu təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xiaomi-nin POCO brendi POCO F3 GT adlı yeni smartfonunu təqdim etməklə özünün smartfon seriyasını genişləndirib. Qeyd etmək lazımdır ki, təqdim olunmuş yeni POCO F3 GT smartfonu gamerlər üçün nəzərdə tutulmuş smartfondur. Onun əsas özəllikləri arasında güclü prosessor, gövdəyə inteqrasiya edilmiş xüsusi idarəetmə düymələri, böyük həcmli batareya, RGB işıqlandırmaya sahib kameralar və ekran sensoruna yüksək toxunuş həssaslığı var. Beləliklə POCO F3 GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Smartfonun həm ekranı, həm də arxa paneli Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.

Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekran, həmçinin HDR 10+ texnologiyasını da dəstəkləyir. Əsas texniki özəlliklərə gəldikdə isə POCO F3 GT modeli MediaTek Dimensity 1200 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5065 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa kameralarının ətrafında RGB işıqlandırma sistemi yerləşdirilib. Bu isə öz növbəsində bir daha POCO F3 GT-nin gamer smartfonu olduğunu göstərir.

Həmin RGB işıqlandırma, həmçinin smartfonda olan enerji səviyyəsinin göstəricisi qismində də istifadə oluna bilər. Mobil oyunlarda daha rahat idarəetmə təcrübəsini yaşamaq üçün POCO F3 GT-nin kənar hissəsinə xüsusi düymələr inteqrasiya edilib. Həmin düymələr gövdənin daxilinə yerləşdirilib və istifadəçi öz istəyinə uyğun olaraq kənar hissədəki aktivləşdirmə düyməsinə klik edərək həmin idarəetmə düymələrinin ortaya çıxmasına nail ola bilər. POCO F3 GT smartfonu 26 iyul tarixində satışa çıxacaq. 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 362$-a, 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiya 389$-a, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiya isə 416$-a satılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: