Naxçıvan “TEKNOFEST-2021”də təmsil olunub - FOTOLAR

686

Türkiyə Texnologiya Komandası Vəqfi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 21-26 sentyabr tarixlərində aviasiya, kosmos və texnologiya festivalı-“TEKNOFEST-2021” keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İstanbul şəhərində 84 ölkənin iştirakı ilə keçirilən “TEKNOFEST-2021”də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasından da nümayəndə heyəti iştirak edib.

Festivalda iştirak edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov və Əlahiddə Ümumqoşun Ordunun zabiti, general-mayor Rəhim Cəfərov səfər çərçivəsində Türkiyə Respublikasının Sənaye və texnologiyalar naziri Mustafa Varank və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşüb, festivalda sərgilənən STEAM layihələri ilə tanış olublar.

Nazir Rəhman Məmmədov Mustafa Varankla görüşündə bir çox təşkilatın ortaqlığı ilə təşkil edilən festivalın milli texnologiyanın inkişafında rolu, məktəblilərin texnologiyaya olan marağının artırılmasına verdiyi töhfələr, eləcə də Türkiyənin elm və mühəndislik sahələrində əldə etdiyi uğurların dünyaya nümayiş olunmasındakı əhəmiyyəti barədə müzakirələr aparılıb. Rəhman Məmmədov Türkiyənin Sənaye və texnologiyalar nazirinə hədiyyə təqdim edib, muxtar respublikada şagirdlərin informasiya texnologiyaları, eləcə də STEAM sahəsində biliklərə yiyələnmələri üçün yaradılan şərait və görülən işlərlə bağlı məlumat verib.

Türkiyə Respublikasının Sənaye və texnologiyalar naziri Mustafa Varank Naxçıvan Muxtar Respublikasından nümayəndə heyətinin festivalda iştirakına və muxtar respublikada STEAM sahəsində atılan addımlardan məmnun olduğunu bidirib. Qeyd edib ki, 2018-ci ildən başlayaraq minlərlə gəncin xəyallarını reallaşdırmaq üçün müxtəlif fənlər və kateqoriyalar üzrə texnologiya yarışlarının keçirildiyi festivalın 2022-ci ildə Bakı şəhərində keçiriləcəyi planlaşdırılıb.

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşdə isə Azərbaycan-Türkiyə qardaşlığının texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinə təkan verdiyi bildirilib, azərbaycanlı məktəblilərin öz layihələri ilə festivalda iştirakı yüksək qiymətləndirilib, Türkiyənin milli təhsil sisteminə uyğunlaşdırılaraq təhsil müəssisələrində tətbiq edilən yeni Təcrübə Təhsil Metodu və bu yeni metod əsasında kadr hazırlığının əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb. Həmçinin Təhsil naziri festivalın təşkilatçıları ilə beynəlxalq səviyyədə keçirilən texnologiya yarışlarının, eləcə də STEAM layihələrinin yerinə yetirilməsi, beynəlxalq konfranslar, kadr hazırlığı məqsədilə kursların və seminarların təşkili ilə bağlı “Baykar” şirkəti ilə müzakirə aparıb.

Səfər çərçivəsində Təhsil naziri Rəhman Məmmədov şagirdlərin hazırladığı STEAM layihələri ilə tanış olub.

Qeyd edək ki, İstanbul Atatürk Beynəlxalq Hava Limanında baş tutan "Texnofest" 2018-ci ildən etibarən hər il keçirilir. Məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.  Kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat video oyunları kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edən festivalda Azərbaycan  milli povilyonu 11 startap layihəsi ilə təmsil olunub.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: