ABŞ-ın Clearview AI şirkəti planetdəki hər bir insanı izləmək üçün nəzərdə tutulmuş sistem yaradır

A- A A+

ABŞ-ın Clearview AI adlı şirkəti Yer kürəsindəki bütün insanları identifikasiya edə biləcək məlumatlar bazasını yığır. Bu barədə The Washington Post xəbər verib. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Clearview AI şirkətinin təmsilçiləri investorlara bildiriblər ki, 2022-ci ilin sonuna kimi onlar “üzlərin indeksi”ni yaradacaqlar. Bu cür məlumat bazasına 100 milyard foto daxil ediləcək. Beləliklə Yer kürəsinin 7 milyard əhalisinin hər bir şəxsinin payına 14 ədəd foto düşür. Onlar bütün dünya üzrə həbsetmə proseslərinin və cinayət araşdırmalarının aparılması yolunda hüquq mühafizə orqanları tərəfindən istifadə edilən izləmə sistemlərində istifadə olunacaqlar. Məlumatda qeyd edilib ki, 2020-ci ildən sözügedən məlumatlar bazası 3 milyard fotodan 10 milyard fotoya kimi böyüyüb. Sistemin özü hər ay 1.5 milyard foto emal edir. Clearview AI şirkətinin bu texnologiyası Çində istifadə edilən sistemlərdən daha irimiqyaslı hesab edilir. Məlumata əsasən bu layihə çərçivəsində fotolar istifadəçilərin icazələri olmadan sosial şəbəkələrdən və digər internet resurslardan yığılır.

Clearview AI şirkətinin müştəriləri bu və ya digər şəxsin fotosunu yükləyərək həmin fotonun şirkətin məlumatlar bazasında və o cümlədən internetdəki istifadəçi hesablarında olan fotolarla uyğunlaşıb-uyğunlaşmadığını təyin edə bilərlər.

Şirkət bildirib ki, onun məlumatlar bazası artıq istənilən dövlət və qeyri-dövlət müəssisəsinin sahib olduğu bu cür məlumatlar bazasından 11 dəfə böyükdür. Məlumatda qeyd edilib ki, Clearview AI şirkəti əsasən dövlət büdcəsi və müqavilələri sayəsində maliyyələşdirilir. Məlumatda qeyd edilib ki, şirkət tərəfindən keçirilmiş prezentasiyanın əsas məqsədi investorlardan əlavə vəsaitlərin əldə olunmasındadır. Şirkət bildirib ki, əlavə 50 milyon dollar dəyərində investisiya sayəsində məlumatlar bazasına əlavələr etmək və şirkətin əməkdaşlarının sayını artırmaq mümkün olacaq. Bundan əlavə olaraq investisiyalar, həmçinin siyasətçilərə lazımi ödənişlərin edilməsində də istifadə ediləcək. Belə ki, siyasətçilər bu cür məhsulun dövlət səviyyəsində lobbiçiliyi ilə məşğul olmalıdırlar. Şirkət öz sistemini hüquq mühafizə orqanları ilə yanaşı, həmçinin banklara, pərakəndə satış və elektron kommersiya şirkətlərinə satmaq niyyətindədir. Şirkət bildirib ki, o özünü təkcə üzlərin identifikasiyası üzrə məhdudlaşdırmaq istəmir və buna görə də bir neçə yeni texnologiya üzərində çalışır.

Şirkətin rəhbəri Hoan Tot-That bildirib ki, Lyft, Uber və Airbnb kimi şirkətlər artıq bu texnologiya ilə yaxından maraqlanırlar. Lakin adları qeyd edilmiş şirkətlər bu məlumatı təkzib ediblər.

ABŞ-ın bəzi ştat və şəhərlərində üz skanı texnologiyasının istifadəsi qadağan edilsə də, ümumilikdə ABŞ qanunvericiliyi bu cür texnologiyaların istifadəsini hələ ki nizamlamır. Amazon, IBM, Google və Microsoft kimi böyük şirkətlər bu cür sistemlərin satışını ya məhdudlaşdırıb, ya da tamamilə dayandırıblar. Onlar bildiriblər ki, bu cür sistemlər lazımi səviyyədə nizamlanmayınca onları işə salmaq istəmirlər. Facebook, Google, Twitter və Youtube kimi təmsilçilər Clearview AI-dan tələb ediblər ki, o, onların saytlarından fotoların yığılmasını dayandırmalı və artıq yığılmış fotoları silməlidir. Şirkət isə ABŞ Konstitusiyasının birinci düzəlişinə (söz və mətbuat azadlığının təmin edilməsi) istinad edərək güzəştə getməkdən imtina edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: