Tələbələr növbəti İKT seminarında iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Dövlət Universitetində “Mobil rabitənin əsasları” adlı seminar keçirilib.

Rabitə və Yeni Texnologiyalar Nazirliyinə hamiliyə verilmiş tələbələrin iştirak etdiyi seminarda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək “Azərfon” şirkəti ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin birgə həyata keçirdiyi layihəni informasiya texnologiyaları sahəsi üzrə təhsilin səviyyəsinin artırılması və yüksək ixtisaslı kadrların hazırlanması işinin stimullaşdırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev bildirib ki, ötən müddət ərzində nazirlik tərəfindən tələbələrin təcrübə keçmələri üçün zəruri şərait yaradılıb. Tələbələrin müasir tədris vasitələrindən istifadə edərək bilik və bacarıqlarını inkişaf etdirmələri üçün maarifləndirici görüş və seminarlar keçirilib. Nazir bugünkü seminarı da bu tədbirlərin davamı kimi yüksək qiymətləndirib.

Seminarda “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi Anar Mənsimov mobil rabitənin əsasları barədə məlumat verib.

“Azerconnect” Məhdud Məsuliyyətli Cəmiyyətinin şöbə rəhbəri Afər Məmmədov isə seminarda iştirak edən tələbələri mobil standartların arxitekturası və şəbəkə avadanlıqlarının iş prinsipi mövzusunda məlumatlandırıb. Vurğulanıb ki, mobil rabitənin populyarlığı artdıqca bütün dünyada standartların ötürmə qabiliyyəti və ümumi standartlaşdırma da ciddi şəkildə yüksəlir.

Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, fərqlənən tələbələr mükafatlandırılıb, digər tələbələrə isə sertifikatlar təqdim olunub.

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: