Dünya bazarı beşinci nəsil mobil rabitə texnologiyalarının (5G) kommersiya tətbiqinin astanasındadır. Belə şəbəkələri dəstəkləyən smartfonlar bütün aparıcı istehsalçılar tərəfindən hazırlanır. Lakin ekspertlər qeyd edir ki, “5G” smartfon istehsalçıları digər məsələlərlə yanaşı, qurğuların qızması problemlərini həll etməli olacaqlar.
NUHÇIXAN “3DNews” resursuna istinadən yazır ki, məsələ ondadır ki, beşinci nəsil şəbəkələr “4G/LTE” ilə müqayisədə məlumatların ötürülməsində sürəti kəskin artıracaq. Buraxılış qabiliyyəti nəzəri baxımdan 20 Qbit/saniyəyə çata bilər. Aydın məsələdir ki, belə sürətdə məlumat mübadiləsi smartfonun elektron hissəsinin yükünün dəfələrlə artması ilə nəticələnəcək. Mütəxəssislərin sözlərinə görə, mobil aparat tərtibatçıları qızmanın qarşısının alınması məqsədilə qurğuların konstruksiyasına ciddi dəyişikliklər etməli olacaqlar. Məsələn, smartfonlar əlavə istilik paylayıcıları ilə təchiz ediləcək. Bundan başqa, “5G” aparat yaradıcıları tərəfindən istilik borucuqlarından kütləvi istifadə gözlənilir. Bazar iştirakçıları bildirir ki, belə vəziyyət mobil qurğuların soyutma sistemləri üçün komponent tədarükçülərinə sərf edəcək. Əlavə edək ki, beşinci nəsil mobil rabitəsini dəstəkləyən smartfonları yaxın vaxtlarda “Lenovo”, “Samsung”, “Huawei”, “OnePlus”, “OPPO” və s. kimi şirkətlər təqdim etmək niyyətindədir. Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.