“HUAWEI” rabitəçilər üçün seminar təşkil edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi aparatının və tabeli qurumlarının işçiləri üçün “Yeni Gigabit tutumlu Passiv Optik Şəbəkə texnologiyaları” mövzusunda seminar keçirilib.

“HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müştərilərlə iş üzrə direktoru Jao Hongbo HUAWEI texnologiyalarından danışarkən qeyd edib ki, telekommunikasiya operatorlarını şəbəkə məhsulları ilə təmin edən şirkət, həmçinin müştərilərə keyfiyyətli məhsul və xidmətlər təqdim edir. O cümlədən HUAWEI istehsal etdiyi ağıllı cihazlarla insanların bütün sahələrdə rəqəmsal təcrübəsini təkmilləşdirir.

“HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Murad Cümşüdov iştirakçılara slayd və video materiallar vasitəsilə təlim keçib. Təlimçi yeni Gigabit tutumlu Passiv Optik Şəbəkə texnologiyası və onun üstünlüklərindən bəhs edib. Bildirib ki, bu texnologiya hazırda ən müasir şəbəkələrdən olub abunəçinin bir fiber-optik xətt üzərindən multimedia xidmətlərinin müasir standartlara uyğun təşkilinə imkan verir. Bu yeni texnologiyanın üstünlüklərinə gədikdə isə yüksək ötürmə qabiliyyəti, 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması, abunəçinin bir cihazdan bir neçə xidmətə eyni vaxtda qoşulmasına imkan yaradır.

Hazırda internet rabitəsi sahəsində ən qabaqcıl və etibarlı qoşulma üsulu olan mənzildə fiber optik qoşulma texnologiyasının səciyyəvi xüsusiyyətləri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sözügedən müasir texnologiya fiber-optik lifli rabitə kanalının bilavasitə abunəçinin mənzilinə çəkilməsini nəzərdə tutur. Bildirilib ki, HUAWEI OLT mərkəzi serveri bütün dünyada geniş yayılıb və 85-dən çox operatora xidmət göstərir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: