Planşet kompüterlərin qlobal miqyasda satış həcmi azalmaqda davam edir. Bu barədə “Digitimes Research” şirkətinin statistik məlumatlarında deyilir.
NUHÇIXAN “IGate” resursuna istinadən xəbər verir ki, qiymətləndirməyə görə, cari ilin birinci rübündə dünyada satılan smartfonların sayı təxminən 33 milyon təşkil edib. Bu, əvvəlki rüblə müqayisədə 28,2 faiz və 2017-ci ilin birinci yarısına nisbətən 14,9 faiz azdır. Bildirilir ki, gələcəkdə planşetlərə tələbat azalmaqda davam edəcək. Analitiklərin proqnozuna görə, bu rüb dünya bazarının həcmi 31,1 milyon ədədə bərabər olacaq. Ekspertlər qeyd edir ki, planşetlərin satışı texniki xüsusiyyətləri yaxşılaşdırılan yeni modellərin buraxılmasına baxmayaraq azalır. Müşahidə olunan vəziyyət analitiklər tərəfindən smartfon və fabletlərin yüksək populyarlığı ilə izah edilir. Bundan başqa, istehlakçılar əldə olan planşetləri yeniləməyə tələsməməyə üstünlük verirlər. Qeyd olunur ki, hazırda ən çox diaqonal üzrə 9,7 düym və daha böyük ekranla təchiz edilən smartfonlar populyardır. “IDC” analitik şirkətinin məlumatına görə, 2017-ci ilin yekunları üzrə planşetlərin tədarük həcmi 163,5 milyon ədəd təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə 174,9 milyon planşet satılıb. Beləliklə, tələbatın azalması 6,5 faiz səviyyəsində olub. Ötən il aparıcı istehsalçı üçlüyünə müvafiq olaraq 26,8, 15,2 və 10,2 faiz payla “Apple”, “Samsung” və “Amazon” şirkətləri daxil olub.