Naxçıvanda mütəxəssislər üçün aktual mövzuda vebinar keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə nazirlik aparatının, tabeli qurumlarının mühəndisləri və hamiliyə verilmiş aid ixtisasların tələbələri üçün “Rəqəmsal risklərdən müdafiə üsulları” mövzusunda vebinar keçirilib.

Vebinarda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev çıxış edərək bildirib ki, nazirlik tərəfindən ixtisaslı kadrların hazırlanması istiqamətində müvafiq tədbirlər görülür. Bu məqsədlə onlayn kurslar, təlim və vebinarlar keçirilir, müvafiq peşə ixtisasına malik olmayan əməkdaşlar ixtisasartırma kurslarına cəlb olunur. Nazir qeyd edib ki, texnoloji inkişafın sürətlənməsi müasir texnologiyalardan müəyyən qədər asılılıq riski yaradır ki, vebinarın mövzusu da bu cəhətdən mühüm əhəmiyyət kəsb edir. 

Vebinarda “DEFSCOPE” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Sirius Computer Solutions” şirkətinin aparıcı məsləhətçisi, “İNSECO” İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin həmtəsisçisi Vüsal Salmanlı rəqəmsal risklərin bu günün texnologiya dünyasında hər kəs üçün prioritet olduğunu vurğulayıb və bu cür risklərdən qorunmaq üçün təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini qeyd edib. 

“DEFSCOPE” Məhdud Məsuliyyətli Cəmiyyətinin təlimçisi Asif Hümbətovun, “SOCRadar” şirkətinin təlimçiləri Oğuzhan Subaşı və Kenan Doğanerin “Xarici hücum səthinin idarə edilməsi”, “Kibertəhdidlərin kəşfiyyatı” və “Rəqəmsal risklərdən müdafiə üsulları” mövzularında çıxışları dinlənilib.

Çıxışlarda rəqəmsal risklərdən müdafiə üçün proseslərin avtomatlaşdırılması, rəqəmsal monitorinq, erkən xəbərdarlıq sistemlərindən istifadə edilməsi vacibliyindən və “SOCRadar”ın təsirli kibertəhlükə kəşfiyyatından bəhs edilib. Bildirilib ki, xarici  hücum səthinin idarə edilməsi internetlə üzləşən aktivlər və sistemlər tərəfindən təqdim olunan riskləri müəyyən edən və idarə edən inkişaf etməkdə olan kibertəhlükəsizlik üsuludur.

Vebinar iştirakçılarının nəzərinə çatdırılıb ki, kibertəhdidlər müxtəlif şəkillərdə baş verə bilər. Bu səbəbdən hər bir istifadəçi kibertəhlükəsizliklə bağlı maariflənməli, bilik və bacarıqlarını artırmalıdır.

Sonda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: