Kembric Universitetinin alimləri damarlarda əməliyyatların aparılması üçün qeyri-adi quruluşa malik miniatür kamera hazırlayıb.
NUHÇIXAN “hi-news.ru” saytına istinadən yazır ki, yeni kameranın bütün mövcud analoqlardan əsas fərqi odur ki, təsvir "chip-on-tip" texnologiyası üzrə emal edilir. Adi endoskoplarda siqnal əsas qurğuya kabel vasitəsilə ötürülür ki, burada onun deşifr edilməsi və təsvirə çevrilməsi baş verir. “Leap” adlandırılmış yeni kamerada bütün lazım olanlar endoskopun sonluğunda yerləşdirilib. Texnologiya “Omnivision” şirkəti ilə birgə hazırlanıb və qurğunun prototipi 400x400 (0,16 meqapiksel) təsvir ölçüsünə malikdir, ancaq yekun versiyada təsvir ölçüsünü ən azı 1600x1600-dək (2,6 meqapiksel) artırmaq mümkün olacaq. Elastik endoskopik borunun diametri 1,35 mm-ə bərabərdir ki, bu da onu koronar angioqrafiya (ürək damarlarının xüsusi rentgeni) üçün istifadə etməyə imkan verir. Bundan başqa, “Leap” adlı yeni kamera böyük endoskoplardan fərqli olaraq, əməliyyat otağının böyük ölçülü texnikasından asılı deyil, çünki onu istənilən adi kompüterə qoşmaq mümkündür. Həmçinin yeni kamerada bəzi detallar (məsələn, optik boru) birdəfəlik istifadə üçün nəzərdə tutulub ki, bu da sterilizə lazımi səviyyədə olmadıqda infeksiya və xəstəliklərin bir insandan digərinə ötürülməsi riskini azaldır.