"Huawei" şirkəti Londonda keçirilmiş tədbirdə öz qabaqcıl "Mate 20" və "Mate 20 Pro" smartfonlarını təqdim edib. NUHÇIXAN "ferra.ru" saytına istinadən yazır ki, "Huawei Mate 20" smartfonu "Full HD+" (1080x 2244 piksel) təsvir ölçülü 6,53 düymlük düz TFT ekran, "Mate 20 Pro" aparatı isə "Quad HD+" (1440x3120 piksel) təsvir ölçülü 6,3 düymlük "AMOLED" displeyi ilə təchiz edilib. "Mate 20 Pro" smartfonu "Face ID" stilində istifadəçilərin sifətinin tanınması texnologiyasını dəstəkləyir. Barmaq izləri skaneri "Mate 20" aparatında arxa paneldə, "Mate 20 Pro" qurğusunda isə ekranın alt hissəsinə quraşdırılıb. "Mate 20 Pro" smartfonunun əsas kamerası aşağıdakı modullardan ibarətdir: 40 Mp-lik genişbucaqlı, 20 Mp-lik ultra genişbucaqlı və 8 Mp-lik telefoto. "Mate 20" smartfonunda təsvir ölçüsü 16, 12 və 8 Mp təşkil edir. Ön kamera 24 meqapikseldir. Smartfonlar 7 nm-lik texnologiya üzrə hazırlanmış "Kirin 980" prosessoru ilə işləyir. "Mate 20" smartfonu 4/6 QB-lıq əməli, 128 QB-lıq daxili fləş yaddaş, "Mate 20 Pro" isə 6/8 QB-lıq əməli və 128 QB-lıq fləş yaddaşla təchiz edilib. Yaddaş tutumunun artırılması üçün yeni formatlı kartlardan ("nanoSD") istifadə edilir. "Huawei Mate 20" qurğusunda akkumulyatorun tutumu 4000 milliamper/saat, "Mate 20 Pro" aparatında isə 4200 milliamper/saat təşkil edir. Bundan başqa, "Mate 20 Pro" smartfonu "SuperCharge 2.0" adlı sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Sonuncu 30 dəqiqə müddətində smartfonun akkumulyatorunu 70% doldurmağa imkan verir. "Mate 20 Pro" smartfonu "IP67" səviyyəsində su və toza qarşı dayanıqlıdır. Hər iki smartfon "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Stereodinamiklər nəzərdə tutulub.