“Google” şirkəti məqsədi bəşəriyyət üçün faydalı süni intellektin hazırlanması olan “AI for Social Good” proqramını işə salıb.
NUHÇIXAN “Searchengines” resursuna istinadən yazır ki, “Google.org”-un təşəbbüsü çərçivəsində insanların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə süni intellektin tətbiqi ilə məşğul olan layihələri dəstəkləyən “AI Impact Challenge” müsabiqəsi keçirilir. Bu layihələrin maliyyələşdirilməsi üçün şirkət tərəfindən 25 milyon dollar ayrılıb. Məlumata görə, qaliblər 2019-cu ilin mayında “Google I/O” konfransında elan ediləcək. “AI Impact Challenge” çərçivəsində hazırlanan süni intellekt sistemləri açıq çıxış koduna malik olacaq. “Google” şirkəti daxilində “AI for Social Good” tərəfindən dəstəklənən proqramlara Ayova ştatında yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi və əlavə reallıq mikroskoplarının yaradılması üçün “TensorFlow” proqram təminatından istifadə daxildir. Şirkətin daha iki süni intellekt təşəbbüsü balinaların müdafiəsinə və tropik meşələrin qanunsuz qırılması ilə mübarizəyə yönəlib. Yeni proqramın istifadəyə verilməsinə həsr edilən mərasimdə “Google AI” bölməsinin rəhbəri Ceff Din bütün bəşəriyyətə fayda gətirəcək süni intellektin tətbiqi üzrə daha bir neçə istiqaməti qeyd edib: xərçəng hüceyrələrinin aşkarlanması üçün kompüter görməsindən istifadə və Günəş sistemindən kənarda yaşayış üçün yararlı planetlərin axtarışı.