“Samsung Electronics” şirkəti Rusiyada dünyada ilk “QLED Q900R 8K” televizorlarının istehsalına başlayır. Şirkətin Kaluqa vilayətində yerləşən zavodu yerli bazar üçün 75 və 85 düym diaqonallı modellər istehsal edəcək. NUHÇIXAN “Ferra” resursuna istinadən yazır ki, yeni modellər üçün ilkin sifarişlərin qəbulu noyabrın 20-dək “Samsung” şirkətinin rəsmi saytında aparılır. Televizorların noyabrın sonunda satışa çıxarılması nəzərdə tutulur. 75 düymlük modelin təxmini qiyməti 10600 dollar, 85 düymlüyün isə 22730 dollar təşkil edəcək. Məlumata görə, televizorlar süni intellekt vasitəsilə videonun təsvir ölçüsünü “8K” formatınadək genişləndirməyə imkan verən “8K AI Upscaling” funksiyası ilə təchiz edilib. “8К” keyfiyyətinin təmini üçün “Samsung Q900R” televizorlarında təsviri 4 min kd/m2 işıq parlaqlığında göstərməyə imkan verən “Real 8K Resolution” texnologiyasından istifadə olunur. Bildirilir ki, ekranda piksellərin sayı “4K UHD” formatlı televizorları 4 dəfə, “Full HD” standartlı modelləri isə 16 dəfə üstələyir. Dinamik metaməlumatları dəstəkləyən “HDR 10+” standartından istifadə edən “Q HDR 8K” funksiyası parlaqlıq səviyyəsini optimallaşdırmağa və rəngötürməni yaxşılaşdırmağa imkan verir. Bundan başqa, “Ambient Mode” rejimi ekranda televizora baxılmayan zaman havanı, xəbərləri, təsvirləri, fotoşəkilləri və ya kollajları nümayiş etdirməyə şərait yaradır. Qeyd edək ki, “QLED” Cənubi Koreyanın “Samsung” şirkətinin əvvəllər “Quantum Dot” adlanan televizor istehsal xəttinin adıdır. Bu abreviatura “OLED” - üzvi işıq diodları texnologiyasına uyğun yaradılıb.