Müdafiə sənayesi sahəsində proqram əsaslı həlləri ilə diqqət çəkən Türkiyənin HAVELSAN şirkəti süni intellekt araşdırmaları çərçivəsində "milli GPT" məhsuluna imza atıb.
NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qardaş ölkənin mühəndisləri son zamanlar bütün dünyada populyarlaşan təbii dillərin işlənməsi sahəsində süni intellekt modelləri üçün milli həll hazırlayıblar. “Məhsuldar süni intellekt” kateqoriyasındakı məhsul üçün Çoxfunksiyalı Süni İntellekt Şəbəkəsi mənasını verən Multifunctional Artificial Intelligence Network sözlərinin ilk hərflərindən ibarət “MAIN” adı seçilib.
Süni intellektlə bağlı müxtəlif layihələr həyata keçirən, mətnlər, təsvirlər və səslər üzərində müəyyən alqoritmlər hazırlayan HAVELSAN şirkətinin məhsulu olan “milli GPT” verilmiş məzmunu və mətni saniyələr ərzində ümumiləşdirə bilən sistemə malikdir. O, açıq mənbələrdən məlumat çıxara və əldə edə bilər. Bu məhsul həm də kod yazmaq qabiliyyətinə malikdir.
Bir il əvvəl OpenAI-nin ChatGPT ideyasından ilhamlanaraq icrasına başlanılan layihə nəticəsində türkcə GPT artıq hazırdır. İlk versiyasını fevralın 1-də təqdim etməyi planlaşdıran HAVELSAN şirkəti tərəfindən dövlət və hərbi əhəmiyyətli olduğu əsas gətirilərək geniş təqdimatın nəzərdə tutulmadığı da qeyd olunub.