Oktyabr ayının 30-da NUHÇIXAN İnformasiya Agentliyində bir yazı oxudum. Bu yazı isə bir ziyalı, bir hüquqşünas və bir vətəndaş kimi məni çox sarsıtdı. Bəlkə də, bu məlumat sizləri də düşündürər deyə, yazıram. Ancaq məni, həqiqətən də, çox sarsıtdı.
Məlumatda deyilir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin ilk doqquz ayı ərzində 418 boşanma, 1148 nikah qeydə alınıb. Yəni qurulan ailələrin 36,4 faizi dağılıb.
Həmçinin Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, cari ilin həmin dövrü ərzində isə 567 boşanma və 1178 nikaha daxilolma halları qeydə alınıb. Yəni cari ildə qurulan ailələrin 48,1 faizi dağılıb.
Həmçinin qeyd olunur ki, statistikaya əsasən qadınların daha çox 26-35 yaş, kişilərin 36-45 yaş aralığında boşanma üçün müraciət etdikləri müşahidə olunur. Nikaha daxil olmaq üçün isə qadınlar 18-25, kişilər daha çox 26-35 yaş aralığında müraciət edirlər.
Bu statistik rəqəmlər bu gün ailə-nikah münasibətlərində “həyəcan təbili” çalmağı zəruri edir. Əfsuslar olsun ki, bu gün boşananlar içərisində ahıl yaşlı adamlara da rast gəlirik. Özünə “qulaq yoldaşı” axtardığı bir vaxtda nənə və baba boşandıqdan sonra nəvələrə xoşbəxtlik arzulamağı və “uzunömürlü ailənin sirlərini” tövsiyə etmələri, sadəcə, gülüncdür. İndi onların nəvələrinə keşməkeşli həyatlarının bəhs edən “Bir varmış... biri yoxmuş” nağılını söyləməli vaxtlarıdır, nəinki boşanmalı.
Və bir ziyalı hüquqşünas kimi bu sual məni daha çox narahat edir.
Səbəb nədir boşanmalara?
Dağılan hər bir ailədə uşaqlar ortada qalır, əksəriyyəti aliment ödəmir və nəticədə, məhkəmə və icra yükü artır. Axı bu həyatda övlad üçün ata ciddiyyətini, ana nəvazişini əvəz edəcək heç nə yoxdur.
Bəs, görəsən, bu sahədə ziyalılar, cəmiyyətin nüfuzlu insanları, psixoloqlar, sosioloqlar, QHT-lər və digər peşə sahibləri hansı qabaqlayıcı tədbirləri görməyi düşünür.
Əgər cari ilin doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikasında boşanmaların sayı 48,1 faiz təşkil edirsə, yəqin, ilin sonunda bu rəqəm 50 faiz olacaq.
Əgər yenicə yaradılan mediasiya institutu boşanmaların qarşısının alınmasında və ya azaldılmasında yüksək nəticə əldə edə bilmirsə, bu institutun təkmilləşdirilməsi zərurəti ortaya çıxır. Çünki qanunvericilik ictimai münasibətləri tənzimləyir.
Media bu sahədə ciddi layihələr, yazılar, müsahibələr hazırlamalıdır. Doğrudur, Naxçıvan Televiziyasının efirində bir çox layihələr kimi “Qanunçuluq” layihəsində də müvafiq qurumların əməkdaşları və psixoloqların iştirakı ilə ailə dəyərləri ilə bağlı bir sıra verilişlər tamaşaçılara təqdim edilir. Bu sahədə təkcə media yox, hər birimiz həm vətəndaşlıq, həm də vəzifə borcumuzu layiqincə yerinə yetirməliyik. Çünki ailə dövlətin özəyidir. Ailələrimiz nə qədər sağlam olarsa, cəmiyyətimiz də bir o qədər sağlam olar.
İlk növbədə, gəncləri və gənc ailələri sosial medianın zərərli təsirlərindən qorumalıyıq. Avropanın bəzi dəyərsiz dəyərlərini müasirlik və çağdaşlıq, ərəb adət və ənənələrini İslam əxlaqı kimi qəbul etməməliyik. Axı bizim min illərin dərinliklərindən süzülüb gələn öz milli-mənəvi dəyərlərimiz var. Axı biz azərbaycanlıyıq! Qafqazlıyıq!
Hər birimiz xalqımızın milli-mənəvi zənginliyini qoruyub inkişaf etdirməliyik. Çünki“Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin məsuliyyət hissi ilə yanaşmalıdır”, – deyən Ulu Öndər Heydər Əliyev mənəviyyata sahibliyi xalqımızın əxlaq və milli dəyərlərinə yiyələnməkdə görərək həqiqi vətəndaşlığı bu zəngin mənəviyyatımızın ümdə əxlaqı kimi dəyərləndirib.
Bəs bu sahədə bizim məsuliyyətimiz nədən ibarətdir? Hər il dünyada 15 may “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Dünya ailələri içərisində Azərbaycanın ailə mədəniyyəti özünəməxsusluğu ilə seçilir. Mənsub olduğumuz ailə institutumuzu qoruyub inkişaf etdirmək isə hər birimizin müqəddəs borcudur. Bu borcu yerinə yetirmək üçün isə hər birimiz bu suallara cavab tapmalıyıq: Ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli-mənəvi dəyərlərin rolu nədən ibarətdir? Ailə dəyərlərinin qorunmasında ailə, məktəb və cəmiyyətin vəhdəti nədən ibarətdir? Müasirləşmə və qloballaşmanın ailə institutumuza təsirləri hansılardır? Gənclərin həyat strategiyasının formalaşmasında ailənin rolu nədən ibarətdir? Sosial şəbəkələrin mənəvi və ailə dəyərlərimizə təsiri nədən ibarətdir? Və sonda zəngin ailə ənənələrimizi qorumaq üçün cəmiyyət olaraq üzərimizə hansı vəzifələr düşür?
Əgər yuxarıda qeyd olunan suallara cavab tapa bilməsək, onda aşağıdakı suala heç vaxt cavab tapa bilməyəcəyik:
Hara gedirik?
Faiq Səfərov
Hüquqşünas