Naxçıvan: taleyin hökmünə buraxılmış ada yaşıllıqlar diyarına çevrildi - (II yazı) - FOTOLAR

A- A A+

Səfərimizin ikinci günü yolumuz Türkiyə Respublikasına idi. Sədərək Gömrük-Keçid Məntəqəsinədək bir neçə saatlıq yol vardı qarşımızda. Martın 22-si olsa da, builki qışa nədənsə  qısqanclıq hissi hakim kəsilmiş, yerini hələ də yaza vermək fikrində deyildi. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da hava yağışlı-qarlı idi. Lakin yazda yağan bu qar yolboyu aran bölgələrdə ağacların çiçəyinin, hələ ağacları çiçəkləməmiş yerlərdə isə partlamaq anında olan tumurcuqların üzərinə yağırdı. Qarşımızda gözəl bir mənzərə açılmışdı: ağappaq çiçək və ağappaq qar. Sanki bəyaz örpəklər üst-üstə sərilib hansının gözəl olmasını onlara heyranlıqla baxanlardan soruşurdu. Lakin çox keçmədi ki, günəş doğdu, ağacların çiçəkləri üzərindən qar örpəyi bir andaca yoxa çıxdı. Bir qədər sonra isə yenidən qar yağmağa başladı, yenə də ağacların örpəkləri ikiləşdi. Elə bil uzun yolun ağırlığını azaltmaq üçün qışla yaz bir tamaşa seyr etdirirdi yolçulara. Göz baxdıqca uzanan sıra ilə əkilmiş hər yaşda olan ağaclarsa yenə də yol yoldaşlarımın heyranlıqla tamaşa etdikləri və müzakirəyə çevirdikləri mövzu  oldu. Düşünürdüm ki, onlar buraya yazın ortaları, yay fəslində gəlsələr, yaşıllıqlara valeh olarlar. Çünki birazdan ağacların budaqlarını çırtıb günəşə boylanacaq kiçik yarpaqcıqlar böyüyərək bütöv ağacları ağuşuna alacaq və hara baxsan oxşar mənzərələrlə yalnız sonsuz yaşıllıqları görəcəksən.

Elə bu arada 

Təbiətə tamaşa etməklə yanaşı, həm də sosial şəbəkələrdə  gəzişmək uzun yolu qısaltmaq metodlarından olduğu üçün telefonu əlimə aldım. Təsadüfə bax ki, bayaqdan bəri aramızda gedən söhbətlər fonunda belə bir maraqlı yazıya rast gəldim: “İngilis Brendon Grimşou 13000 dollara Seyşel adalarında özünə kiçik bir ada aldı və ora köçdü. Brendonun 40 yaşı olanda o, işini atdı və yeni həyata başladı.

Həmin zaman adada artıq 50 ildir heç kəs yaşamırdı və Brendon özünə yoldaş tapdı və onlar birlikdə adanı evə çevirməyə başladılar. 39 il ərzində Grimşou və onun köməkçisi Rene Laforten öz əlləri ilə 16000 ağac əkdilər. 2007-ci ildə Rene vəfat edir və Brendon adada yalnız qalır.

Onun artıq 81 yaşı vardı. O adaya 2000 yeni quş növlərini və dünyanın başqa yerlərində yox olmaq həddində olan 100-dən artıq nəhəng tısbağalar gətirdi.

Bir zamanlar ada artıq cənnətə dönəndə Səudiyyə Ərəbistanının şahzadəsi Brendona ada üçün 50 milyon dollar təklif etdi, amma o imtina etdi. Dedi ki, “istəmərəm ki, bu ada varlıların əyləncə məkanına dönsün. Yaxşı olar ki, bura hər kəsin əylənə biləcəyi milli park olsun”. Buna nail oldu. 2008-ci ildə ada Milli Park adını qazandı”.

Sözün həqiqi mənasında, bu kiçik bir yazı mənə çox təsirli gəldi. Ona görə ki yazının bəzi nüansları  Naxçıvanın dünənini və bu gününü gözlərim önündə canlandırdı. Avtomobilin pəncərəsindən hələ də görünən sıx ağaclıqlar isə beynimdə dolaşan fikirlərlə o qədər üst-üstə düşürdü ki... Axı Naxçıvan da bir zamanlar öz taleyinin ümidinə buraxılmış adaya oxşayırdı. Dörd bir tərəfi sanki su ilə əhatə olunmuş  bu diyar çıxış yolu tapa bilmirdi. Hansı səmtə dönürdüsə, yenə eyni görüntülər idi. Çarə isə bu adadaca nə edirsən, özün et idi.

Bomboz ada

Coğrafiyasına görə yaşıl rəngdən çox boz rəngin üstünlük təşkil etdiyi Naxçıvan dağlıq ərazilərdən ibarət olduğu üçün bu rəng daha çox gözə görünən olub. Demirəm ki, Naxçıvanda yaşıllıq az olub. Burada meşələr də var, bağ-bağatlar da. Lakin dağın-daşın rəngi yaşılı üstələyib həmişə. Xüsusilə 1990-larda, blokadanın ilk illərində olub-qalan yaşıllıqlar da insanlar tərəfindən məhv ediləndə boz rəng daha çox hakim kəsilmişdi bu diyara. İnsanları qınamaq isə mümkün deyil. Çünki qazsız, işıqsız qalan Naxçıvan əhalisi son çarəni meşələrdə, bağ-bağatlarında, həyətlərində ata-babalarının əlləri ilə əkdikləri bar ağaclarında belə görürdü. Bu ağacların hər biri kəsildikcə qolunun kəsildiyini hiss edən insanlar üçün başqa yol yox idi. Ya ağaclara dəyməyib donub ölməliydilər, ya da bu ağır həyatla mücadilənin əsas şərti olan istiliyi əldə etmək üçün ağacları doğramalı idilər. Elə bu səbəbdən də Naxçıvanın hər tərəfində təbiət qəbiristanlıqları yaranmışdı. Gövdəsi torpaqdan bir-iki qarış yuxarıdan kəsilən ağacların buradan boylanan məzlum görüntüsü yaradırdı bu mənzərəni. Meşələr tükənmişdi, yol kənarları, həyət-bacalarda ağaclar yoxa çıxmışdı.

Naxçıvanın qazla təminatına hələ uzun illər vardı. Lakin  elektrik enerjisi müəyyən fasilələrlə də olsa, verilməyə başlanmışdı. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin yenə də şəxsi nüfuzu, qonşu dövlətlərlə apardığı danışıqlar nəticəsində mümkün olmuşdu. Təbiətin bu miskin görüntüləri də onu çox narahat edən məsələlərdən idi. Odur ki, ulu öndərin təşəbbüsü ilə “Hərə bir ağac əksin!” kampaniyasına başlanıldı. Beləliklə...

Bozdan yaşıla doğru

Bəli, bu ada hələ ulu öndərin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdışı ilə kimsəsizlikdən çıxmış, öz xilaskarını, arxalana biləcəyi böyük qüvvəni tapmışdı. Bir el ağsaqqalının ətrafında sıx birləşmək, böyük sözü dinləmək, birlik olmaq isə Naxçıvanın uzun illərdən bəri blokada şəraitində inkişafına səbəb oldu. I yazıda sadaladıqlarımın fonunda yaşıllıqların bərpası və artırılması da görülən işlərin əsas istiqamətlərindən birinə çevrildi. Beləliklə ötən 20-25 ildə Naxçıvan öz coğrafiyasına məxsus boz rəngini dəyişib yaşılın üstünlük təşkil etdiyi  diyara çevrildi. Bu işdə hər yaz və payız fəsillərində keçirilən ağacəkmə aksiyalarının böyük rolu oldu. Yadımdadır, bu aksiyalara yeni start verilən vaxtlarda heç də bütün  insanlar bunu birmənalı qarşılamır, vaxtilə donmamaq üçün kəsib məhv etdikləri ağacları bərpa etməyə qəribə baxır, bunu kimlərinsə etməli olduğunu düşünürdülər. Lakin Naxçıvana kənardan ağac gətirib əkməyəcəkdilər ki. Bunu bu yerin insanları etməli idilər. Bu sahədə də köməyə maarifləndirmə işləri gəldi. Çox keçmədi ki, insanlar əllərində tinglər ağacəkməyə başladılar.

Muxtar respublikada həyata keçirilən ekoloji siyasətin məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın saxlanılmasından ibarətdir. Muxtar respublikanın təbii iqlim xüsusiyyətləri və relyefi, xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafı nəzərə alınaraq region üçün ən mühüm ekoloji amil olan meşələrin, yaşıllıqların qorunması və artırılması sahəsində görülən işlər nəticəsində meşə ehtiyatları dəfələrlə artırılıb. Hazırda muxtar respublikanın ümumi ərazisinin 20 faizə yaxınını yaşıllıqlar əhatə edir. 1990-cı ilin əvvəllərində isə bu göstərici 0,6 faiz həddində olmuşdur.

Ekoloji mühitin sağlamlaşdırılması, ekoturizm potensialının inkişaf etdirilməsinin dəstəklənməsi məqsədilə ölkə Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamına əsasən Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının ərazisi, Şahbuz Dövlət Təbiət Qoruğu, habelə muxtar respublikanın Culfa və Ordubad rayonlarının inzibati ərazisində olan dövlət meşə fondu, Şahbuz, Culfa və Ordubad rayonlarının inzibati ərazilərindəki yay otlaqlarının torpaqları hesabına genişləndirilib, 42 min 787 hektar ərazidə Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı yaradılıbdır.

Muxtar respublika ərazisində məskunlaşmış nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin qeydiyyatının aparılması və xüsusi mühafizə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair “Qırmızı kitab”ların hazırlanması sayı azalmaqda olan növlərin qorunub artırılmasına, xüsusi qaydada mühafizə edilməsinə təminat yaradıb.

Yaşıllıqlar həm də yolçunun nubar payı, əsgərlərimizin meyvə sovqatıdır

Bəli, heyranlıq duyulan bu yaşıllıqlar heç də asanlıqla başa gəlməyib. Uzun illərin zəhməti, minlərlə tingin əkilməsi, onların suvarılması, suvarma arxlarının çəkilməsi, damçı üsulu ilə böyük ərazilərin bu sistemə salınması, artezian və kaptajların vurulması, gübrə verilməsi, ağartma işlərinin vaxtında görülməsi, hər il yazda qurumuş ağacların yenisi ilə əvəzləşdirilməsinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində əldə olunub. Maraqlı faktlardan birini də vurğulayım ki, bu diyarın heyrətamiz yaşıl görüntüsü içərisində başqa bir heyrətamizlik də var. Bu da yol kənarlarının, parkların, bağların  yaşıllığına xidmət edən ağaclar arasında meyvə ağaclarının da çoxluq təşkil etməsidir. Elə ki, yay gəldi bu ağaclar qırmızı, sarı, sarılı-qırmızılı örpəyini başına salır. Gilənar, gilas, ərik, şaftalı, alma ağaclarının meyvəsi yolçunu yoldan etməklə yanaşı, həm də onların nubar payı olur. Onu da xüsusilə vurğulayım ki, bu ağaclardan dərilən tonlarla meyvə hərbi hissələrə-əsgərlərimizə sovqat olaraq göndərilir.

Bəli, Blendonun adada yaratdığı və kimsəyə verməyə qıymadığı Milli Parkdan fərqli olaraq Naxçıvanın adanı yarıb yaşıllıqlara doğru açdığı yolda həm Milli Park, həm Dövlət qoruqları, həm turistlərin, qonaqların üz tutduğu ünvan, həm insanların zəhmət payı, həm də qədim diyara minlərlə insanın böyük sevgisi var. Elə bu sevgi ilə Blendonun adasına oxşar cəhət olaraq naxçıvanlılar onu 1990-cı illərdə düşməndən canları bahasına qorudular. Naxçıvan indi də qorunur, yaxın gələcəkdə Zəngəzur dəhlizi ilə Vətəninə qovuşacağı günü səbirsizliklə gözləyir. Çünki o yollar Naxçıvanı daha böyük inkişafa aparacaqdır.

Qeyd: Yazının birinci hissəsi ilə buradan tanış ola bilərsiniz.

Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: